CƏMİYYƏT
“Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabın təqdimatı olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Bakıda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi professor Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində kitabın müəllifi Fəxrəddin Altunun videomüraciəti olub. O, videomüraciətdə kitabın Azərbaycan dilinə tərcüməsinə və təqdimat mərasiminin təşkil edilməsinə görə BMTM-ə minnətdarlığını bildirib. F.Altun qeyd edib ki, kitab Türkiyənin nizamsızlıq çağında sabitləşdirici rolunu ortaya qoymaqdadır.
Türkiyənin qlobal problemlərin həllində göstərdiyi səylərdən danışan Fəxrəddin Altun dünyada taxıl qıtlığının olduğu dövrdə böhranın qarşısının alınmasında ölkəsinin rolundan, eyni zamanda, COVID-19 pandemiyası dövründə dünya dövlətlərinə göstərilən humanitar yardımlardan danışıb.
O, həmçinin uzun illər Türkiyənin terror təşkilatları ilə mübarizə apardığını qeyd edib.
Fəxrəddin Altun diqqətə çatdırıb ki, Azərbaycan 30 il davam edən erməni işğalına 44 günlük müharibə ilə son qoyub. Bildirib ki, bu gün diplomatik masada qazanılan qələbənin səbəbi müharibə meydanında əldə olunan qalibiyyətdir.
F.Altun, həmçinin dünyada hökm sürən islamafobiya barədə də danışıb.
Mərasimdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Fəxrəddin Altunun həyatı və fəaliyyəti barədə məlumat verib. Qardaş ölkənin xarici siyasəti barədə danışan F.Şəfiyev bildirib ki, son 20 il ərzində Türkiyənin xarici siyasəti köklü şəkildə dəyişib və bu ölkə artıq müstəqil xarici siyasət aparır. O qeyd edib ki, Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyi ilə Vətən müharibəsində şanlı Qələbə qazanıb.
Bu gün BMT Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyini və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə ediləcəyini diqqətə çatdıran F.Şəfiyev deyib: “Sonuncu dəfə belə bir iclas 27 il əvvəl keçirilib. Ötən dövr ərzində Təhlükəsizlik Şurası məsələ ilə məşğul olmayıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var idi. Ancaq həmin qətnamələr bu qurum tərəfindən yerinə yetirilmədi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi”.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı son günlərdə Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginliklə bağlı danışıb, Azərbaycan xalqına başsağlığı verib. O, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyənin Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib.
“Artıq qlobal sistem sülhü və ədaləti təmin etməkdə acizdir. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi var, lakin Şura bu qətnamələrin həyata keçirilmə iradəsini sərgiləyə bilmədi. Azərbaycanla Türkiyə bir araya gələrək ədaləti bərpa etdilər və bunun nəticəsində 44 günlük Vətən müharibəsində Zəfər qazanıldı. Azərbaycan torpaqlarının 30 illik işğalı möhtəşəm Qələbə ilə yekunlaşdı. Azərbaycanın sərhədlərinin toxunulmazlığını qoruma səylərinə qarşı Ermənistanın sərhəd bölgələrinə mina basdırması, təxribat törətməsi qarşılıqsız qalmadı”, - deyə diplomat qeyd edib.
Türkiyənin xarici siyasətində qlobal problemlərin həll edilməsinə xüsusi diqqət yetirdiyini söyləyən C.Bağçı koronavirus pandemiyası dövründə 150-yə yaxın ölkəyə yardım edildiyini, ölkəsinin dünyada ən çox humanitar yardım göstərən ölkələr sırasında olduğunu diqqətə çatdırıb.
Kitabı tərcümə edən BMTM-in şöbə müdiri Cavid Vəliyev bildirib ki, kitab Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin dünya nizamına baxışı haqqında yazılıb. “Ölkələrimizin xarici siyasətə baxışı, atdığı addımlar zamanla dəyişir. Bu kitab Türkiyənin xarici siyasəti haqqında doğru məlumatı verir”, - deyə Cavid Vəliyev qeyd edib.
O, ölkəmizin COVID-19 pandemiyası dövründə Türkiyədən gələn dəstəklə böyük irəliləyiş əldə etdiyini, həmçinin ölkəmizin bu dövrdə Qoşulmama Hərəkatına üzv ölkələrə yardım göstərdiyini qeyd edib. Şöbə müdiri bu çətin dövrdə Azərbaycanın Türkiyə ilə çiyin-çiyinə mübarizə apardığını vurğulayıb.
Sonda Türkiyə-Azərbaycan münasibətlərinin digər aspektləri barədə fikir mübadiləsi aparılıb.