SİYASƏT
Türkiyə Respublikasının baş prokuroru Şəkidə olmuşdur
Şəki, 14 iyun (AZƏRTAC). Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də Şəkidə olmuşdur.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, qədim tarixi abidələri ilə tanış olmuşlar.
Qonaqlar Şəki ilə tanışlığa Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayından başlamışlar.
Nümayəndə heyətinin diqqətinə çatdırılmışdır ki, saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə 1761-1762-ci illərdə tikilmişdir. Məlumat verilmişdir ki, ötən il Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdur.
Qonaqlar sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr etmişlər.
Daha sonra nümayəndə heyətinin üzvləri Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət etmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu məbəd erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
Şəkiyə səfərləri çərçivəsində türkiyəli qonaqlar XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olmuşlar.
Türkiyəli qonaqlar Şəkidən xoş təəssüratla ayrılmışlar.