MƏDƏNİYYƏT
Türkiyədə “Atatürk və Çanaqqala” sərgisi açılmışdır
Ankara, 2 noyabr (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və diplomatik nümayəndəliyimizin əməkdaşları Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin Avstraliyanın Ankaradakı səfirliyi ilə birgə təşkil etdiyi “Atatürk və Çanaqqala” sərgisinin açılışında iştirak etmişdir.
Xarici ölkələrin Ankarada akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin və jurnalistlərin iştirak etdikləri mərasimdə Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya və Avstraliyanın Türkiyədəki səfiri Yan Biqqs Çanaqqala istiqlal döyüşündə həlak olmuş müxtəlif xalqların nümayəndələrinin qəhrəmanlığından danışmışlar. Vurğulanmışdır ki, bu döyüşlərdə minlərlə azərbaycanlı da qardaş Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşmüş, yüzlərlə həmvətənimiz həyatını fəda etmişdir.
Mərasimdə IV Çanaqqala Rəsm Müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara