İQTİSADİYYAT
Türkiyədə Bakı-Tbilisi-Qars dəmir yolunun sərhəd bölgələri üçün əhəmiyyətinə dair konfrans keçirilmişdir
Ankara, 3 iyun (AZƏRTAC). Türkiyədə Qars Qafqaz Universiteti və Türkiyə Sərhəd Bölgələrinin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun sərhəd bölgələri üçün əhəmiyyətinə dair konfrans keçirilmişdir.
Konfransın açılışında çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov, Qars valisi Əhməd Kara və Türkiyə Sərhəd Bölgələrinin İnkişafı Agentliyinin baş direktoru Hüseyn Tutar Bakı-Tbilisi-Qars dəmir yolunun Qars, Ərdəhan, İğdır və Ərzurum vilayətlərinin iqtisadi inkişafı üçün əhəmiyyətindən bəhs etmişlər. Onlar vurğulamışlar ki, 2012-ci ildə bu mühüm kommunikasiya layihəsi tamamlanacaq və üç dost ölkə - Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın yeni rəmzi olacaqdır.
Sonra Ərzurumdakı Atatürk Universitetinin dosenti Kərəm Karabulut, Türkiyə Nəqliyyat Nazirliyi Dövlət Liman və Dəmir yolu İdarəsi rəisinin müavini Əhməd Kuşhanoğlu və Türkiyə Sərhəd Bölgələrinin İnkişafı Agentliyinin baş direktoru Hüseyn Tutar Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanmasından sonra yaradılacaq logistik mərkəz, yük və sərnişin daşımalarının potensialı ilə bağlı məruzələrlə çıxış etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara