DÜNYA
Türkiyədə İŞİD və PKK terror təşkilatlarına qarşı keçirilən əməliyyatlar nəticəsində 35 nəfər həbs olunub
Ankara, 20 iyun, AZƏRTAC
Türkiyə polisinin İŞİD və PKK terror təşkilatlarına qarşı keçirdiyi antiterror əməliyyatları nəticəsində 35 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Ankara Baş Prokrorluğunun İŞİD-ə qarşı açdığı cinayət işi əsasında 24 nəfər həbs olunub. Saxlanılanların 4-ü türkiyəli, 18-i iraqlı, 2-si suriyalıdır.
Daha bir antiterror əməliyyatı isə PKK terror təşkilatının gənclik bölməsinə qarşı keçirilib. Mərkəzi Diyarbəkirdə olmaqla İstanbul, Konya, Mardin və Tunceli şəhərlərində eyni vaxta keçirilən əməliyyatlarda barələrində həbs qətimkan tədbiri seçilən 14 şübhəlidən 11-i yaxalanıb.
Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatında PKK-ya ağır zərbə vurub. Bildirilir ki, “Pəncə-Qaplan” adı ilə davam edən bu əməliyyat başlanandan bəri PKK-ya məxsus 700-dən çox hədəf, o cümlədən 150 mağara dağıdılıb, 160 partlayıcı zərərsizləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara