CƏMİYYƏT
Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən çox vətəndaşımıza xidmət göstərilib
Bakı, 31 avqust, AZƏRTAC
Türkiyə Respublikasının Samsun şəhərində keçirilən Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar “ASAN xidmət” avtobusu vasitəsilə xidmət göstərilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilk günündə 100-dən çox vətəndaşımıza xidmət göstərilib.
Ölkə xaricində ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” Açıq Səhmdar Cəmiyyətinin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.
Sentyabrın 4-dək saat 10:00 - 18:00 aralığında təşkil edilən xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “TEKNOFEST” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün link: https://www.t3kys.com/tr/teknofest/visitor/apply/
Eyni zamanda, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.