MƏDƏNİYYƏT
Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssam Assim Rəsuloğlunun Bakıda fərdi sərgisi açılmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da “Qalereya -1969” salonunda Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssam Assim Rəsuloğlunun sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq Rəssamı Salxab Məmmədov həmvətənimizin yaradıcılığından söhbət açmışdır. Onun daha çox işıqlı rənglərə üz tutmasını, böyük ustalıqla fəlsəfi fikirlərini öz tamaşaçılarına çatdırmasını peşəkarlığın əyani təzahürü kimi qiymətləndirmişdir.
Bildirilmişdir ki, A.Rəsuloğlu 1955-ci ildə Şəkidə anadan olmuş, 1975-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (indiki İncəsənət Kolleci) bitirmişdir. 1975-1980-ci illərdə Belarus Dövlət Teatr-Sənət İnstitutunun monumental boyakarlıq fakültəsində təhsil almışdır. 1978-ci ildən sərgilərdə iştirak etməyə başlayan fırça ustası 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir.
Rəssam bir çox müsabiqə və sənət yarışmalarında uğurla iştirak etmiş, mükafatlara layiq görülmüşdür. 1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində qızıl medal qazanmışdır. 1988-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunan gənc rəssamların beynəlxalq sərgisində gümüş medala layiq görülmüşdür. A.Rəsuloğlu 1989-cu ildə Bakıda Xəzəryanı respublikaların Biennalesində, Bakı İncəsənət Mərkəzinin Fransada təşkil etdiyi ölkəmizin müasir incəsənət sərgisində, Azərbaycanın gənc rəssamlarının Budapeştdə keçirilən sərgisində iştirak etmişdir.
Çıxış edənlər 90-cı illərdən rəssamın fərdi sərgilərini nümayiş etdirməyə başladığını söyləmişlər. Onun ilk belə sərgisi isə 1991-ci ildə Parisdəki Aleksandr qalereyasında açılmışdır. Bir-birinin ardınca rəssamın Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri təşkil olunmuşdur.
Rəssamın əsərləri Moskvada Tretyakov Qalereyasında, Şərq Ölkələri Muzeyində, Parisin Aleksandr Qalereyasında, Antalyada Orkun Ozan İncəsənət Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Nyu-Yorkda Martin Lüter Kinq Qalereyasında, Belarus, Litva mədəniyyət nazirliklərinin kolleksiyalarında saxlanılır.
Rəssam hazırda Türkiyənin Antalya şəhərində yaşayır, Akdeniz Universitetində müəllim işləyir.
Bildirilmişdir ki, sərgidə nümayiş etdirilən “Ruhlar tuneli”, “Xocalı”, “20 Yanvar” əsərlərində Azərbaycanın soyqırımı ağrısını, düşmənin amansızlığını tünd rənglərin dili ilə məharətlə göstərməyi bacaran rəssam “Simfoniya”, “Uyuyan musiqi”, “Xəbər” kimi əsərlərində isə ağ və qırmızı rənglərin dili ilə xalqımızın sabahının tablosunu yaratmışdır.
Sonda A.Rəsuloğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sərgi aprelin 12-dək davam edəcəkdir.