REGİONLAR
Türkiyəli gənclərin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Türkiyə Gənclik Vəqfi (TÜGVA) tərəfindən türkiyəli gənclərin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini və Heydər Əliyev Muzeyini, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün büstünü, “Xan Sarayı” Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksini, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
Türkiyəli gənclər Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Dövlət Universiteti ilə tanış olub, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda naxçıvanlı gənclərlə görüşdə iştirak ediblər. Görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun direktoru Cəbi Quliyev və Türkiyə Gənclik Vəqfinin İğdır təmsilçisi Cəmaləttin Cantəpə çıxış edərək iki ölkə arasındakı qardaşlıq əlaqələrindən, Türkiyə və Azərbaycan Gənclər fondlarının birgə həyata keçirdiyi layihələrin əhəmiyyətindən, hər iki ölkə gənclərinin ortaq maraqları əsasında davam edəcək sıx əməkdaşlıqdan və gələcək planlardan söz açıblar.
Naxçıvan Musiqi Kollecinin instrumental ansamblı tərəfindən təşkil edilən konsert qonaqlara xoş ovqat bəxş edib. Türkiyəli qonaqlar “Şərq qapısı” qəzetinə müsahibə verib.
Türkiyə Gənclik Vəqfinin (TÜGVA) İğdır təmsilçisi Cəmaləttin Cantəpə mətbuata müsahibəsində bildirib ki, biz Türkiyə Gənclik Vəqfi olaraq Türkiyə gəncləri ilə Azərbaycan, xüsusən də naxçıvanlı gənclərin yaxşı əlaqələr qurmasını istəyirik. Buna Naxçıvana yaxın olan İğdırdan da dəstək vermək istədik, İğdır Universitetində təhsil alan gənclərlə belə bir tur keçirməyi qərara aldıq. Düşündük ki, həm onlar, həm də buradakı gənclər üçün gözəl başlanğıc və yaxşı proqram olacaq. Naxçıvandakı müvafiq təşkilatlarla da əlaqə saxladıq və müsbət cavab aldıq. Nəticədə, gənclərimizlə bugünkü gözəl səfəri təşkil etdik. Səfərimiz olduqca maraqlı keçdi. Gənclərimiz bir-birilərini daha yaxından tanıdılar, fikir mübadiləsi etmək imkanları oldu. TÜGVA-nın İğdır təmsilçisi kimi məqsədimiz gənclərə ən gözəl və ən yaxşı xidməti göstərməkdir. Naxçıvana olan səfərimizlə də bunu təmin etdiyimizi düşünürük.
Cəmaləttin Cantəpə deyib: “İğdıra çox yaxın şəhər olsa da, ilk dəfədir, Naxçıvandayam. Buraya gəldiyim üçün çox şadam. Qonaqpərvərlik gözəldir, insanlar mehribandır, indiyədək bura gəlmədiyimiz üçün təəssüfləndik. Naxçıvana növbəti dəfə fərqli proqramla, daha geniş layihə ilə gələcəyik. Bunun üçün təkcə İğdırda deyil, Türkiyənin müxtəlif bölgələrində daha böyük tədqiqatlar aparmağı planlaşdırırıq”.
İğdır Universitetinin İlahiyyat fakültəsinin doktorantı Sərdar Öztürk isə qeyd edib ki, Naxçıvanın bir çox gəzməli, görməli yerlərində olublar: “Duzdağ Fizioterapiya Mərkəzi və “Əshabi-Kəhf” ziyarətgahı ən yaddaqalan məkanlardan oldu. Türkiyədə də Duzdağ və “Əshabi-Kəhf” var. Lakin buradakı məkanlar çox fərqlidir. Naxçıvandakı Duzdağda insanlar üçün yüksək səviyyəli səhiyyə xidməti üçün hər cür şərait yaradılıb. Bu, Naxçıvanda insanların sağlamlığına necə böyük diqqətlə yanaşıldığını göstərir. Yerin altında belə gözəl müalicə mərkəzi yaratmaq və xəstələrin təbii yolla müalicəsinə nail olmaq mükəmməldir. Türkiyənin Mərsin və Diyarbəkir şəhərlərində də “Əshabi-Kəhf” mağaraları var. Ancaq bu ziyarətgahın daha fərqli bir mənəvi təsiri var. Biz orada başqa ölkələrdən də “Əshabi-Kəhfə” ziyarətə gələnlər olduğunu gördük. Bu ziyarətgah əsl dini turizm mərkəzinə çevrilib. Bu, xalqın dini inanc yerlərinə dövlətin diqqət və ehtiramının nişanəsidir. Görülən işlər milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə yanaşı, əxlaqi keyfiyyətlərin də üstün tutulmasının göstəricisidir”.
İğdır Universitetinin Fənn ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı məzunu Mehriban Özdəmir deyib: “Naxçıvan, mən deyərdim ki, mədəniyyət mirasıdır. Mən dostlarıma belə asanlıqla gedə biləcəyimiz bu yerləri gəlib görmələrini tövsiyə edirəm. Arzum budur ki, iki ölkənin dövlət başçıları arasındakı dostluğu, xalqlarımız arasındakı qardaşlığı gənclər olaraq davam etdirək, azərbaycanlı gənclərlə əlaqələrimiz daha da möhkəmlənsin.
Burada insanlar, doğrudan da, çox istiqanlıdırlar, kömək etməyi sevirlər. Bir çox gəzməli-görməli yerləri ziyarət etdik. Ən təsirlisi “Əshabi-Kəhf” ziyarətgahı idi. Burada insan o qədər saflaşır, paklaşır ki, sanki dünyaya yenidən gəlir”.