SİYASƏT
TÜRKİYƏNİN İQTİDAR PARTİYASI XOCALI SOYQRIMI İLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
Ankara, 25 fevral (AZƏRTAC). Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda bildirilir ki, ermənilərin heç bir əsası olmayan uydurma “soyqırımı” iddiaları haqqında təbliğatı gücləndirdikləri bir şəraitdə beynəlxalq ictimaiyyət təəssüf ki, yaxın tariximizdə baş vermiş, şahidləri və fotoşəkilləri mövcud olan Xocalı qətliamı ilə maraqlanmır. Biz bu məsələdə bütün ölkələri obyektiv və vicdanlı olmağa çağırırıq.
AKP-nin bəyanatında daha sonra deyilir: “Xocalı qətliamı Azərbaycan və bütün türk dünyası üçün ağır bir faciədir. 17 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində əksəriyyəti qadınlar və uşaqlar olmaqla yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Rəsmi mənbələr, şahidlərin ifadəsi və sənədlər Xocalını işğal edən erməni silahlı qüvvələrinin ələ keçirdiyi insanların vəhşi işgəncələrə məruz qaldığını sübut edir. Beynəlxalq insan haqları təşkilatları Xocalıda baş verənləri Dağlıq Qarabağın işğalı zamanı ən böyük qətliam kimi dəyərləndirmişlər. Türkiyənin xarici siyasətinin əsas məqsədi bütün bölgədə sülhə və sabitliyə, əməkdaşlıq zəminində tərəqqiyə nail olmaqdır. Qətliamların, kin və nifrət mühitinin heç kimə faydası yoxdur. Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, biz düşmən deyil, dost qazanmaq istəyirik. Amma, bir millətin yaraları hələ də sağalmamış, acıları da davam edirsə, insanlığa zidd faciələrə də biganəlik göstərilirsə, belə bir şəraitdə biz millətimizə qara yaxılmasına izn verə bilmərik.
Xocalı qətliamı bizim hamımızın acısıdır. Biz nə tarixi unuduruq, nə də gələcəyi keçmişin qaranlığı üzərində qurmaq istəyirik. Bu qətliamı törədənləri millət olaraq lənətləyir, şəhid olan qardaşlarımıza Uca Allahdan rəhmət diləyirik”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara