MƏDƏNİYYƏT
Türkiyənin turizm sektoru bir çox ölkələrdən fərqli olaraq 2021-ci ili daha az zərərlərlə başa vurub

İstanbul, 4 yanvar, AZƏRTAC
Artıq bir neçə ildir dünyada hökm sürən COVID-19 pandemiyasından zərər çəkən sahələrdən biri də turizmdir. Ölkə gəlirinin əhəmiyyətli hissəsi turizm sektorundan əldə edilən Türkiyə bir çox ölkələrdən fərqli olaraq 2021-ci ili bu sahə üzrə daha az zərərlərlə başa vurub.
AZƏRTAC xəbər verir ki, illərə görə statistikaya baxdıqda, Türkiyədə 2019-cu ildə turizm sektoru 60 faiz zərər görüb. Keçən ilin ilk yarısında da pandemiya ölkədə təsirli olub. Lakin dünya üzrə peyvəndlənmənin sürətlənməsi və səyahət məhdudiyyətlərinin nisbətən aradan qaldırılması ilə 2021-ci ilin ikinci yarısında ölkə üzrə bu sahədə canlanma müşahidə edilib.
Türkiyənin Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, 2019-cu ilin yanvar-sentyabr ayları üzrə qardaş ölkədə turizmdən əldə edilən gəlir 26,6 milyard ABŞ doları təşkil edib. 2021-ci ilin ilk doqquz ayı ərzində isə ölkəyə gələn ziyarətçilərdən əldə edilən gəlir 2020-ci il ilə müqayisədə 107 faiz artaraq 16 milyard 850 milyon dolar olub. Bununla da Türkiyə bir çox ölkə ilə müqayisədə turizm sektoru üzrə ili daha az zərərlə tamamlayıb.
2021-ci ilin ikinci yarısında Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən başladılan “Təhlükəsiz otel sertifikatı” layihəsinin uğuru ilə canlanan turizm sektoru üzrə yeni ildə hədəflərin yüksəltməsi planlaşdırılır.
Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya 2022-ci ilin ümidverici olduğunu bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul