UAK FƏALİYYƏTİNİ DAVAM ETDİRİR
UAK-ın Dnepropetrovsk vilayəti təşkilatının sədri Qüdrət Hacıyev demişdir ki, Konqresin 20-yə yaxın regional təşkilatının üzvü Azərbaycandadır. Onların Vətənə gəlişinin əsas səbəbi müqəddəs Ramazan bayramı münasibətilə doğmalarına baş çəkməkdir. Bəzi mətbuat səhifələrində UAK-ın parçalanması barədə dərc olunan əsassız yazılar Vətəndən uzaqda yaşayan soydaşlarımızı narahat etdiyi üçün bir sıra məqamlara aydınlıq gətirmək niyyətindədirlər.
Nadir Zeynalzadə demişdir ki, bir vaxtlar Ukraynada pərakəndə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 1999-cu ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası və həmin vaxt Azərbaycanın Ukraynada səfiri işləmiş Nazim İbrahimovun da köməyi ilə vahid bir təşkilatda birləşmişdir. Doğrudur, müəyyən bir dövrdə Konqresin fəaliyyətində bəzi xırda problemlər olmuşdur. Amma indi bunlar həll olunmaqdadır. 27 regional təşkilatı birləşdirən Ukrayna Azərbaycanlıları Konqresi Nizamnaməsinə və Ukrayna qanunlarına uyğun olaraq fəaliyyətini davam etdirir. Bu ilin aprelində Konqresin 22 regional təşkilatının birgə yığıncağında Akif Gülməmmədov UAK-ın yeni sədri seçilmişdir. Bu zaman heç bir qanun pozuntusu olmamışdır. Ukraynada yaşayan soydaşlarımız üçün kimin sədr və ya müavin olmasının heç bir əhəmiyyəti yoxdur. UAK Azərbaycan həqiqətlərinin dünyada yayılmasını, eləcə də Ukraynada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini qarşısına məqsəd qoyub və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Azərbaycan Prezidentinin xarici və daxili siyasətini dəstəkləyən UAK ümummilli maraqlar naminə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə də sıx əməkdaşlıq edəcəkdir.
Sonra qonaqlar jurnalistləri maraqlandıran digər suallara cavab vermişdir.