İQTİSADİYYAT
Üç ayda “ASAN xidmət”də fəaliyyət göstərən “Azərsu”nun bölmələrinə 4523 müraciət edilib
Bakı, 23 aprel, AZƏRTAC
2016-cı ilin yanvar-mart aylarında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 4523 müraciət edilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 797-i qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 813 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 921 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 423 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 762 müraciət isə smart kartlara yükləmələr haqqında məlumatların verilməsi, 807 müraciət isə digər məsələlərlə əlaqədardır.
Ən çox müraciət (1545) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından etibarən başlanılıb. Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhələrindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub.
Ümumilikdə “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 30 mini keçib.