İQTİSADİYYAT
Üç ayda Azərkosmos 6,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
Bakı, 29 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərkosmos tərəfindən dünyanın 31 ölkəsinə 6,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizidir. Cari ilin martında isə “Azərkosmos” ASC dünyanın 30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Birinci rübdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,1 milyon ABŞ dolları ilə Fransa, 1,1 milyon ABŞ dolları ilə Lüksemburq, 0,6 milyon ABŞ dolları ilə BƏƏ və 0,4 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.