İQTİSADİYYAT
Üç ayda dövlət büdcəsinin icrasında ümumi daxili məhsulun 4,6 faizi qədər profisit yaranıb
Bakı, 16 aprel, AZƏRTAC
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 9,6 milyon manat, xərcləri 5 milyard 629,5 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 380,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,6 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 4 milyard 629,6 milyon manat, xərcləri isə 2 milyard 685,2 milyon manat olub. Daxilolmaların 26,6 faizi əlavə dəyər vergisi, 13,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,3 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 1,9 faizi vergilərin digər növləri, 43,8 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 20,4 faizi sosial müdafiə və sosial təminatın, 17,4 faizi təhsil və səhiyyənin, 15,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 14,1 faizi ümumi dövlət xidmətlərinin, 9,8 faizi məhkəmə hakimiyyətinin, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 23 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.