İQTİSADİYYAT
Üçqapılı “Kia Picanto” iF dizayn mükafatına layiq görülmüşdür
Bakı, 14 noyabr (AZƏRTAC). Avropa bazarına daxil olmasından cəmi bir neçə ay sonra idmansayağı üçqapılı “Kia Picanto” avtomobili məşhur iF dizayn mükafatına layiq görülmüşdür.
“Kia Motors Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu mükafat bir neçə meyar üzrə məhsulun dizayn keyfiyyətini təsdiq edir. Buraya ixtisas, innovativlik səviyyəsi və eko-yönümlülük daxildir. İlk dəfədir ki, “Kia” populyar “A” seqment modeli “Picanto”nu üçqaplı versiyada təqdim edir.
“Kia Motors” son üç ildə dördüncü dəfədir ki, iF məhsul dizaynı mükafatına layiq görülür. 2010-cu ildə “B” seqmentinə aid “MPV Venga”, bu il kompakt SUV seqmentinə aid “Sportage” və orta ölçülü sedan “Optima” bu mükafata layiq görülmüşdür. Bundan başqa son illər brend dörd dəfə “red dot” dizayn mükafatı ilə təltif olunmuşdur.