DÜNYA
Ukrayna Milli Bankı məzənnə siyasəti prinsipini dəyişməyəcəkdir
Kiyev, 8 dekabr (AZƏRTAC). Ukrayna Milli Bankı (UMB) yaxın vaxtlarda məzənnə siyasətini dəyişmək niyyətində deyildir. Bu barədə bankın rəhbəri Sergey Arbuzov bildirmişdir.
O, Ukraynanın “Ekspert” jurnalına müsahibəsində demişdir: “Yeni məzənnə siyasəti yaxın gələcəkdə əvvəlkindən fərqlənməyəcəkdir. Hətta böyük çeviklik şəraitində belə qrivnanın mübadilə məzənnəsi əvvəlcədən proqnozlaşdırıla bilən olmalı, iqtisadi və maliyyə-kredit sahəsi üçün əlavə risklər yaratmamalıdır”.
S.Arbuzovun sözlərinə görə, Mərkəzi Bankın banklararası valyuta bazarında iştirakı cüzidir. Əməliyyatların ümumi həcminin yalnız 4 faizi bu banka aiddir.
UMB-nin başçısı əhaliyə nağd qrivna əvəzinə xarici valyuta satışından rüsum alınmasına tərəfdar olduğunu bir daha vurğulamışdır. Onun fikrincə, bu, valyuta bazarında sabitliyə doğru atılan daha bir addımdır. S.Arbuzov demişdir: “Möhtəkirliyə meylli olmayan adamlar ziyan çəkməyəcəklər”.
O bildirmişdir ki, noyabrın ortalarından xarici nağd valyutaya xalis tələbat durmadan aşağı düşür. Milli Bankın rəhbəri demişdir: “Son həftə yarım ərzində bu göstərici 2,7 dəfə aşağı düşmüş və iyun səviyyəsinə enmişdir. İstisna deyildir ki, bu dinamika sabit qalarsa, biz valyuta almalı olacağıq”.
Bundan əlavə, Milli Bank iqtisadiyyatın real sektorunu maliyyələşdirən bank müəssisələrinə yenidən maliyyələşdirmə kreditlərinin verilməsini aktivləşdirməyə hazırdır.
O demişdir: “Söhbət ucuz yenidən maliyyələşdirmədən gedir... Ümid edirəm ki, gələn ilin əvvəlindən bank sektorunun yenidən maliyyələşdirilməsi aktivləşdiriləcəkdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev