DÜNYA
Ukrayna Milli Bankı qızılın satın alınması həcmini artırır
Kiyev, 8 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında Ukrayna Milli Bankı (UMB) əhalidən təqribən 2,2 ton qızıl satın almışdır. Bu, 2011-ci ilin yeddi ayı ərzində (yanvar-iyul aylarında satınalmanın həcmi 1,9 ton olmuşdur) və bütünlüklə 2011-ci il ərzində olduğundan xeyli çoxdur.
UMB-nin məlumatında deyilir: “Əhalidən qiymətli metalların satın alınmasının gücləndirilməsi sahəsində Ukrayna Milli Bankının gördüyü tədbirlər və qiymətli metal qırıntılarının satışı zamanı fiziki şəxslərin gəlirlərindən vergi ödənilməsinin ləğvi məsələsinin qanunvericilik yolu ilə nizama salınması nəticəsində 2011-ci ilin əvvəlindən indiyədək Ukrayna Milli Bankı təqribən 2,2 ton qızıl almışdır”.
AZƏRTAC artıq xəbər vermişdir ki, Ukrayna Milli Bankı əhaliyə yığım vasitəsi kimi sərbəst dönərli valyutanın alternativini təqdim etmək məqsədilə qiymətli metallardan investisiya sikkələrinin buraxılışına başlamışdır.
UMB-nin hesablamalarına görə, hazırda Ukrayna vətəndaşlarında olan nağd valyutanın həcmi 50-70 milyard ABŞ dolları həcmində qiymətləndirilir. İnvestisiya sikkələrinin buraxılışı üçün qızıla olan illik tələbat isə 3-5 tondur. İnvestisiya sikkələrinin hazırlanması üçün Milli Bank əhalidən satın alınmış qızıldan istifadə edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev