DÜNYA
Ukrayna Milli Bankının valyuta bazarında təşəbbüsləri milli valyutaya müsbət təsir göstərmişdir
Kiyev, 12 dekabr (AZƏRTAC). Bədbin proqnozlara rəğmən, Ukrayna Milli Bankı (UMB) qrivnanın məzənnəsini xeyli möhkəmlətməyə və Avropa Birliyi tərəfindən tanınmağa nail olmuşdur.
Ukrayna Milli Bankının valyuta bazarında təşəbbüsləri milli valyutaya müsbət təsir göstərmişdir. Devalvasiya prosesi dayanmış, nağdsız və nağd valyuta bazarlarında qrivnanın mübadilə kursu dekabrın əvvəlində qeydə alınmış səviyyəyə qayıtmışdır. Keçən həftənin sonunda bankların əksəriyyətində Amerika dollarının dəyəri 8,20 qrivnadan aşağı olmuşdur. Eyni zamanda sərbəst satışda həm dollar, həm də avro yaranmışdır.
Yerli spekulyantların qrivnanın məzənnəsi ilə bağlı əsassız ajiotaj yaratması xarici ekspertlərin də diqqətini cəlb etmişdir. Macarıstanlı politoloq, “Avrasiya İttifaqı: Şərq-Qərb” klubunun eksperti Laslo Kemeni demişdir: “Seçkilər dövründə milli valyutaya - qrivnaya qarşı spekulyativ hücumlar xüsusilə kəskinləşmişdir. Lakin Ukrayna Milli Bankının rəhbərliyinin peşəkarlığı sayəsində ölkə iqtisadiyyatı sərt seçkiqabağı mübarizəyə və ayrı-ayrı şəxslərin “qara” piar kampaniyasına davam gətirmişdir”.
Doğrudan da Ukrayna Milli Bankı bankirlər və ekspertlərlə söz güləşdirməkdənsə, qrivnanın sabitləşməsinə yönəlmiş fəaliyyət xəttini planlı şəkildə həyata keçirməyə başlamışdır. Əvvələn, Milli Bank valyuta spekulyasiyası ilə məşğul olan banklara qarşı təcili sanksiyalar tətbiq etmişdir ki, onlar bu cür oyunların mənfi nəticələrini başa düşsünlər. İkincisi, UMB bazarda yaranmış təşvişi aradan qaldırmağa imkan verən bir sıra yeni qanunverici sənədlər qəbul etmişdir. Üçüncüsü, UMB devalvasiyaya yol verilməyəcəyini özünün informasiya siyasəti və bəyanatları ilə sübut etmişdir. Dördüncüsü, Ukrayna Milli Bankı idarə heyətinin 27 noyabr tarixli qərarı ilə Ukrayna hüdudlarından kənar ərazilərdən fiziki şəxslərin ünvanına xarici valyuta vəsaitlərinin beynəlxalq bankda köçürülməsi barədə zəruri tələblər müəyyən edilmişdir. Bu halda söhbət bir ay ərzində 150 min qrivnaya ekvivalent və ya ondan artıq məbləğlərdən gedir. UMB informasiya texnologiyaları və tədiyə sistemləri baş departamentinin direktoru Natalya Sinyavskayanın verdiyi məlumata görə, Ukraynaya daxil olan pul baratlarının orta məbləği 574 ABŞ dollarına bərabərdir, yəni bu məhdudiyyət xarici ölkələrdən daxilolmaların əsas kütləsinə aid deyildir.
Valyuta bazarında sabitləşmə yaratmaq üçün UMB-nin səylərini hətta yüksək tələbkarlığı və tərifi o qədər də xoşlamaması ilə fərqlənən Almaniyada da etiraf etmişlər. Almaniyanın ən nüfuzlu tədqiqat təşkilatlarından biri olan mədəniyyətlərarası əməkdaşlıq və kommunikasiyalar mərkəzi Avropa ölkələrinin iqtisadiyyatlarının vəziyyəti və maliyyə-iqtisadi böhranın aradan qaldırılması perspektivləri barədə ekspertlər arasında sorğu aparmışdır. Sorğuda Almaniyanın 25 iqtisadçısı, politoloqu, sosioloqu, ictimai təşkilatların nümayəndələri və jurnalistlər iştirak etmişlər. Nəticədə Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət və Milli Bank rəhbərləri arasında almaniyalı ekspertlər tərəfindən maliyyə-iqtisadi böhrana qarşı uğurlu mübarizəyə görə, ən yüksək qiymətə məhz Ukrayna Milli Bankının rəhbəri Sergey Arbuzov layiq görülmüşdür. Sorğuda iştirak edən ekspertlərin təqribən 76 faizinin fikrincə, Ukrayna ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın bərpa edilməsinə məhz Arbuzov kimi adam nail ola bilər.
Alman politoloqu Aleksandr Rar demişdir: “Avropalı məmurlar pul dəzgahını işə saldıqları bir vaxtda Ukrayna maliyyə sabitliyinə nail olmuşdur və inflyasiyanı cilovlayır. Ona görə də sual edirik: Kim kimdən öyrənməlidir?”.
Məhz bu səbəbdən “Gilobal Finance” iqtisadi nəşri mərkəzi bankların rəhbərlərinin illik reytinq cədvəlində UMB-nin rəhbərinə yüksək qiymət vermişdir.
Zeynəb Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev