MƏDƏNİYYƏT
Ukraynada Azərbaycan musiqisi günləri başlanmışdır
Kiyev, 2 aprel (AZƏRTAC). Ukrayna Milli Filarmoniyasının Musiqi salonunda aprelin 1-4-də Ukraynada Azərbaycan musiqisi günlərinin açılışına həsr edilmiş mətbuat konfransı olmuşdur.
Tədbirin təşkilatçıları Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar İttifaqı (UMBİ), Azərbaycanın Kiyevdəki səfirliyi, Azərbaycan Bəstəkarlar Birliyi (ABB), Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatıdır (ÜİT).
UMBİ-nin idarə heyətinin sədri, UMEA-nın müxbir üzvü İqor Şerbakov bildirmişdir ki, o, keçən il Bakıda keçirilmiş müasir Ukrayna musiqisi günlərində və ABB-nin qurultayının işində fəxri qonaq kimi iştirak etmişdir. Tanınmış Ukrayna bəstəkarı Azərbaycan klassik və milli musiqisini yüksək qiymətləndirərək start verilən Azərbaycan musiqisi günlərini iki dost ölkənin mədəni həyatında çox böyük hadisə adlandırmışdır.
Azərbaycan Bəstəkarlar Birliyinin sədri Firəngiz Əlizadə də öz növbəsində Ukrayna klassik musiqisinin yüksək şöhrətə malik olduğunu və onun ifaçılarının virtuozluğunu xüsusi vurğulamış, Ukrayna tərəfinə və Kiyevdəki səfirliyimizə, bu mədəni tədbirdə iştirak edənlərə gözəl təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Dünya şöhrətli Azərbaycan bəstəkarı, həmçinin bu günlərin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, musiqi günlərində Ukrayna dinləyicisi nəinki Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov kimi korifeylərin, orta və gənc nəslin nümayəndələri olan müasir bəstəkarların əsərləri ilə, həm də Ukraynada az tanınmış Azərbaycan musiqi alətlərində - tar, saz, kamança və başqa alətlərdə musiqiçilərin ifası ilə tanış olacaqdır.
Beləliklə, aprelin 2-də UMBİ-nin konsert salonunda kamera musiqisi konserti, ertəsi gün Ukrayna Milli Filarmoniyasının Nikolay Lısenko adına Sütunlu zalında simfonik konsert, aprelin 4-də Ukrayna Milli Bəstəkarlar İttifaqının binasında yekun konsert olacaqdır.
Tədbir çərçivəsində, həmçinin “Ukrayna-Azərbaycan musiqi əlaqələri” mövzusunda “dəyirmi masa” da keçiriləcəkdir.
Mətbuat konfransında çıxış edənlər dünyada, o cümlədən dost Ukraynada Azərbaycan musiqi sənətinin fəal təbliği işində ABB-nin rəhbəri kimi Firəngiz Əlizadənin şəxsi töhfəsini xüsusi qeyd etmişlər.
Tədbirdə Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Nazim Əliyev, Azərbaycan rəsmi nümayəndə heyətinin üzvləri, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov, Ukraynanın tanınmış bəstəkarları və mədəniyyət xadimləri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” ÜİT-in sədri Hikmət Cavadov və başqaları da çıxış etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev