DÜNYA
Ukraynanın paytaxtında xüsusi xidmət əməkdaşları peyk rabitəsi monitorinqi kompleksini qanunsuz dövriyyədən çıxarmışlar
Bakı, 9 fevral (AZƏRTAC). Ukraynanın paytaxtında ölkənin Təhlükəsizlik Xidmətinin (TX) əməkdaşları peyk rabitəsi monitorinqi kompleksini qanunsuz dövriyyədən çıxarmışlar.
Xüsusi əməliyyat zamanı Kiyevin dövlət müəssisələrindən birinin rəhbəri ifşa edilmişdir. Müəyyənləşdirilmişdir ki, onun göstərişi ilə tabeliyində olanlar, gələcəkdə ola bilsin ki, satış məqsədi ilə “İridium” standartlı peyk rabitəsi kanalı vasitəsilə ötürülən məlumatların monitorinqi üçün aparat-proqram kompleksini işləyib hazırlamış və istehsal etmişlər.
Mütəxəssislərin rəylərinə görə, bu kompleks Ukraynanın bütün ərazisində peyk rabitəsi abonentlərinin telefon danışıqlarını dinləmək, eləcə də internetdən informasiyaların, SMS məlumatların götürülməsinə və oxunmasına imkan yaradır ki, bu da insanların və vətəndaşların konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarını təhdid etmək deməkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev