İQTİSADİYYAT
Ukraynaya BMT-nin UN-Spider şəbəkəsindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlıq təklifi edilmişdir
Bakı, 21 aprel (AZƏRTAC). Ukraynanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 2011-ci ilin əvvəlində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mütəxəssislərinin və səfirliyin əməkdaşlarının iştirakı ilə Ukrayna müəssisələrinin kosmik sənaye ilə bağlı təklifləri müzakirə olunmuşdur. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, müzakirələrdə kiçik orbital peyklərin hazırlanması və buraxılması, məsafədən zondlama məlumatlarının istifadə olunması və sözügedən sahələr üçün mütəxəssislərin hazırlanması üzrə əməkdaşlığa qarşılıqlı maraq göstərilmişdir.
Nazir müavininin sözlərinə görə, Transmilli Avrasiya Super-İnformasiya Magistralı layihəsinin həyata keçirilməsi məsələsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Ukraynanın Nəqliyyat və Rabitə Nazirliyi arasında müzakirə olunur və hər iki tərəfin qeyd etdiyi kimi, onun reallaşdırılması qarşılıqlı surətdə faydalı olacaqdır.
Bundan əlavə, Ukrayna tərəfinə BMT-nin UN-Spider şəbəkəsindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlıq təklif edilmişdir.