İDMAN
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi olub VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
2023-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu məqsədlə, eləcə də ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Gənclər və İdman Nazirliyi dövlət qurumları arasında minifutbol turniri təşkil edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilən turnir noyabrın 18-də start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və digər şəxslər iştirak ediblər.
İlk oyun günü- noyabrın 18-də SOCAR və KOBİA komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, gələn il mayın 6-dək davam edəcək çempionatda mübarizə aparacaq AZƏRTAC-ın komandası C qrupunda yarışacaq. AZƏRTAC-ın komandası ilk oyununu noyabrın 20-də Müdafiə Nazirliyinin kollektivinə qarşı keçirəcək.
İlkin mərhələdə komandalar hər birində 13 kollektiv olan 4 qrupda mübarizə aparacaqlar. AZƏRTAC-ın komandası C qrupunda Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə gücünü sınayacaq.
On iki oyundan ibarət ilkin mərhələyə gələn il fevralın 26-da yekun vurulacaq. Qrupda ilk səkkiz pillədə qərarlaşan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. Pley-off mərhələsinin oyunları martın 4-26-da keçiriləcək. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və bu raundun oyunları aprelin 1-dən 23-dək təşkil olunacaq. Qrup qalibi olacaq komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda matça çıxacaqlar.