İQTİSADİYYAT
Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar dəmiryolçuların təşviqat qatarı Gəncədə olmuşdur
Gəncə, 26 aprel (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkil etdiyi təşviqat qatarı aprelin 26-da Gəncədə olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gəncə dəmiryolçularının mədəniyyət sarayı qarşısında keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov Azərbaycan dəmir yolunun inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərindən danışmışdır.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələr kimi, Azərbaycan dəmir yolunun inkişafına da ciddi diqqət yetirmişdir. Təkcə onu demək kifayətdir ki, bu müddət ərzində dəmir yolunda 14300 texniki yeniləşmə metodları tətbiq edilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Şirvan çeşidləmə stansiyasının tikintisi aparılmış və uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xəttinin inşasına başlanılmışdır. Xəttin çəkilişi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər tikilmişdir. Həmin yol 1985-ci ildə istifadəyə verildikdən sonra respublikamızda yükdaşımaların həcmi 80-90 milyon tona çatmışdır.
Toplantıda o da qeyd edilmişdir ki, Ulu Öndərin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir. Bu gün Azərbaycanın polad magistralı özünün yeni inkişaf mərhələsindədir və şübhə yoxdur ki, ölkəmiz bu mərhələdə də bir çox uğurlara imza atacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) dəmir yolları QSC ərazi ilk təşkilatının sədri Xeyrulla Hümbətov, YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, “Azərbaycan Dəmir Yolları” QSC-nin qərb bölgəsi üzrə rəisi Füzuli Kərimov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışmışlar.
Sonra ictimaiyyət nümayəndələrinin alqış sədaları altında təşviqat qatarı yola salınmışdır.