İQTİSADİYYAT
Ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 4 iyun (AZƏRTAC). “Azneft” İstehsalat Birliyində (İB) qurumun idarə və müəssisə rəhbərlərinin, eləcə də podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İB-nin baş direktoru Daşqın İsgəndərov qurumun müəssisələrində ətraf mühitin mühafizə sisteminin təkmilləşdirilməsi məqsədi ilə görülən tədbirlər haqqında ətraflı məlumat vermiş, bu istiqamətdə ölkədə, o cümlədən ARDNŞ-də görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
ARDNŞ-in ekologiya üzrə vitse-prezidentinin müşaviri Hikmət İslamov, İB baş direktorunun ekologiya üzrə müavini Faiq Cəfərov, ekologiya şöbəsinin rəisi Rövşən Kərimov və başqaları çıxış edərək, ümumdünya ətraf mühitin mühafizəsi gününün yaranma tarixindən, bu sahədə Azərbaycanda qəbul edilmiş mühüm dövlət proqramlarından, idarə və müəssisələrdə aparılmış monitorinq və onların nəticələrindən, mövcud çatışmazlıqlardan danışmış, hazırkı ekoloji vəziyyəti müzakirə etmişlər. Natiqlər maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, vətəndaşların, xüsusən gənclərin ekoloji təfəkkürünün formalaşdırılmasında yeni, müasir üsullardan istifadə edilməsi zərurətini vurğulamışlar.
Sonda “Azneft” İB-nin idarə və müəssisə rəhbərlərinə yerlərdə ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi ilə konkret tapşırıqlar verilmişdir.