İDMAN
Ümumdünya universiadasında Azərbaycanı təmsil edəcək boksçular Qəbələdə təlim-məşq toplanışında iştirak etmişlər
Qəbələ, 27 iyun (AZƏRTAC). Rusiyanın Kazan şəhərində keçiriləcək tələbələrin 27-ci ümumdünya universiadasında Azərbaycanı təmsil edəcək boksçular Qəbələ rayonunda təlim-məşq toplanışında iştirak etmişlər.
Azərbaycan milli yığma komandasının baş məşqçisi Nəriman Abdullayev AZƏRTAC-a bildirmişdir ki, iyunun 17-dən-27-dək Qəbələ Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışında Salman Əlizadə (49 kq), Tural Əhmədov (52 kq), Cavid Çələbiyev (56 kq), Şaban Şahpələngov (60 kq), Hebətulla Hacəliyev (64 kq), Elnur Süleymanov (69 kq), Emil Əhmədov (75 kq), Rauf Rəhimov (81 kq), Abdulqədir Abdullayev (91 kq) və Kamran Mehdiyev (+91 kq) iştirak etmişdir.
Beynəlxalq səviyyəli yarışa hazırlıq məqsədilə Qəbələdə idmançılara yüksək səviyyədə şəraitin yaradıldığını bildirən baş məşqçi Nəriman Abdullayev boksçuların ümumi fiziki hazırlığına xüsusi diqqət yetirildiyini, onların ötən yarışlarda buraxdıqları səhvlərin gələcəkdə təkrarlanmaması üçün təlim keçdiklərini qeyd etmişdir.
İdmançılar beşulduzlu “Qafqaz Sport” otelində istirahət edərək gündə 3 dəfə olmaqla idman kompleksində, ümumilikdə, 6 saat təlim-məşqlərə qatılmışlar. Hər üç gündən bir isə idmançıların iştirakı ilə ayaq və kürək əzələlərinin möhkəmlənməsi, nəfəsalma və digər fiziki hazırlıqla bağlı dağlarda kross yürüşü keçirilmişdir.
İyunun 27-də Bakıya yola düşən boksçular təlim-məşq toplanışını iyulun 5-dək orada davam etdirəcəklər.