SİYASƏT
Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan elminin və təhsilinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmışdır
Bakı, 10 may (AZƏRTAC, Pərvanə İmanova). Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan elminin və təhsilinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmış, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür.
Bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün mayın 10-da Fəxri xiyabana gəlmiş Şuşa rayonunun 9 nömrəli orta məktəbinin direktoru Qədim Abdullayev AZƏRTAC-a müsahibəsində demişdir.
Q.Abdullayev bildirmişdir ki, bu gün ölkəmizdə təhsilin yüksək templə inkişafının və Azərbaycan elminin dünyaya inteqrasiyasının əsasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri dayanır.
Vurğulanmışdır ki, Ümummilli Lider həmişə azərbaycanlı gənclərin xaricdə təhsil almasına böyük əhəmiyyət vermişdir. Hazırda həmin şəxslərin əksəriyyəti müasir müstəqil Azərbaycanın müxtəlif dövlət strukturlarında uğurla fəaliyyətlərini davam etdirirlər.
Ümummilli lider Heydər Əliyev təhsil işçilərinə olan diqqət və qayğısından söhbət açan direktor bildirmişdir ki, Ulu Öndər həmişə müəllim peşəsini və bu sahədə çalışan insanların əməyini xüsusilə yüksək qiymətləndirmişdir.
Q.Abdullayev hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.