SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Pakistanda qeyd olunmuşdur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mərasim keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Pakistanın nüfuzlu universitetlərinin rektorları, bu ölkənin geniş oxucu kütləsinə malik mətbu orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, ölkəmizin iqtisadiyyatında, elm və təhsilində həyata keçirilən islahatlardan, möhtəşəm layihələrdən danışmışıdır.
Diplomat dövlətimizin formalaşmasında, inkişafında və dünyada tanınmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin qurucusu olduğunu deyən D.Şikarov qeyd etmişdir ki, ulu öndərin 1995-ci ildə İslamabada, Pakistanın sabiq Prezidenti Faruk Leqarinin isə 1996-ci ildə ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər iki qardaş xalq arasındakı əlaqələrin bünövrəsini təşkil etmişdir.
D.Şikarov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edir. Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlarından, iqtisadi və sosial layihələrindən, gündən-günə artan nüfuzundan danışan səfir bildirmişdir ki, 2004-cü ildən başlayaraq hər il mayın 10-da ölkəmizdə Gül bayramı keçirilir.
Tədbirdə çıxış edən Pakistanın sabiq neft naziri, tanınmış siyasətçi Ənvər Seyfulla Xan ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüşdür. Qeyd etmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq inkişaf yoluna qədəm qoymuşdur.
Natiq ulu öndər Heydər Əliyevin insani keyfiyyətlərindən danışmış, onun böyük intellektual potensiala və siyasi təcrübəyə malik olduğunu vurğulamışdır.
Pakistanın Azərbaycandakı sabiq səfirləri çıxış edərək ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüşlər.
Sonda səfirlik tərəfindən urdu və ingilis dillərində təkrar nəşr olunmuş “Heydər Əliyev - Azərbaycanın ümummilli lideri” adlı kitab və “Heydər Əliyev - azərbaycanlıların ümummilli lideri“ sərlövhəli məqalənin dərc olunduğu “National Herald Tribune” qəzetinin nüsxələri tədbir iştirakçılarına təqdim edilmişdir.