SİYASƏT
“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda növbəti konfrans Qax rayonunda keçirilmişdir
Qax, 12 iyun (AZƏRTAC). İyunun 12-də Qax şəhərində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon rəhbərliyinin, gənclər təşkilatları nümayəndələrinin, fəal gənclərin iştirak etdikləri konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayevin mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən gündəmə çıxarılan azərbaycançılıq ideyası Azərbaycanda çox qısa bir müddətdə xalq, o cümlədən gəncliyimiz tərəfindən qəbul edilmişdir. Bu ideya özü-özlüyündə xalqımızın ictimai fikir, ictimai şüur tarixinə əsaslanan bir ideologiyadır.
Qeyd olunmuşdur ki, ulu öndərin ən böyük arzularından, ölkədə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindən biri məhz o idi ki, müstəqil Azərbaycanda öz milli mənəvi irsinə sahib çıxan, geniş intellektə və dünyagörüşünə malik olan, fiziki cəhətdən sağlam, əqidəli, Azərbaycanın sabahı naminə məsuliyyəti öz üzərinə götürməyi bacaran yeni bir nəsil formalaşsın. Sevindirici haldır ki, ulu öndərin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri bu gün Vətənimizin tərəqqisi naminə var qüvvələri ilə çalışır, həyatın bütün sahələrində böyük uğurlara imza atırlar.
İntiqam Babayev bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq, respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən bu tədbirlər azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğinə nail olmaq, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət hisslərini gücləndirmək məqsədi daşıyır.
Konfransda çıxış edənlər bildirmişlər ki, məhz ulu öndərin Azərbaycan gəncliyinə sonsuz inam və məhəbbətinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər.
Konfransın sonunda nazir müavini İntiqam Babayev gənclərin suallarını cavablandırmışdır.
Tədbir çərçivəsində həmin gün şəhərin mərkəzi meydanında paytaxtdan gəlmiş tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert olmuşdur.