ORDU
Ümummilli lider Heydər Əliyevin doğum günündə şəhid ailələrinə yeni mənzillərin orderləri təqdim olunub
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar mayın 10-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə əbədiyaşar Ali Baş Komandanın və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev ulu öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin tarixində müstəsna xidmətlərindən danışıb. Dahi şəxsiyyətin siyasi kursunun bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Sonra Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani “Heydər Əliyev müasir Azərbaycan Ordusunun memarıdır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında olduğu kimi, ordu quruculuğu və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, hərbi peşələrə yiyələnməsi istiqamətində də tarixi xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri olan minlərlə zabit bu gün Silahlı Qüvvələrin bütün qoşun növlərində, birlik və birləşmələrində Vətənə və dövlətə sədaqətlə xidmət edir, əsgəri borclarını şərəflə yerinə yetirirlər.
Şəhid anası, Şəki rayon Kiş kənd Heydər Əliyev adına tam orta məktəbində 42 il müəllimə işləmiş Dursun Abdullayeva Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Şəhid atası Əlislam İsayev ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində olduğu kimi, bu gün də ölkəmizdə şəhid ailələrinin, eləcə də döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Sonra düşmən təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış mayor Aqşin Abdullyevin, gizir Sənan İsayevin ailələrinə, istefada olan gizirlər Natiq Mehdiyevə və Ülfət Həsənova şəhid və yaralı hərbi qulluqçuların sosial müdafiəsi çərçivəsində yeni mənzillərin orderləri verilib.
Ulu öndər Heydər Əliyevin doğum günündə mənzillərlə təmin olunan şəhid ailələri və istefada olan hərbi qulluqçular göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.