SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresi Rusiya azərbaycanlıları arasında nifaq salınmasına yol verməyəcəkdir
Moskva, 13 iyun (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Azərbaycanda prezident seçkiləri ərəfəsində Rusiyada bəzi qüvvələr bu ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlıların adından istifadə edərək şəxsi mənafeləri və ambisiyaları naminə bəyanatlarla çıxış edirlər.
İlqar Hacıyev demişdir: “ÜAK Azərbaycanın müstəqilliyinin ilk illərində xalqımızın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən yaradılmışdır. O zaman Rusiyada pərakəndə fəaliyyət göstərən Azərbaycan təşkilatları Ulu Öndərin uzaqgörən siyasəti sayəsində bir təşkilatda birləşdi və ümumi məqsədə - Rusiya ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi işinə xidmət edir. Rusiyada yaşayan azərbaycanlılar Rusiya dövlətinin həyata keçirdiyi siyasi xətti daim dəstəkləmişlər. ÜAK Rusiya Prezidentinin rəhbərlik etdiyi “Rusiya Naminə Xalq Cəbhəsi” Hərəkatına daxil olan ilk təşkilatlardan biridir. Təşkilatımız Rusiyanın gələcəyinin bu hərəkatla bağlı olduğuna əmindir”.
ÜAK-ın icraçı direktoru son günlər Rusiya azərbaycanlıları adından Moskvada yayılan bəyanatlara münasibətini bildirərək demişdir: “ÜAK-ın Nizamnaməsinə əsasən, bizim təşkilat yalnız azərbaycanlıları deyil, həm də Rusiya Federasiyasında fəaliyyət göstərən, Azərbaycanla bağlı olan təşkilatları öz ətrafında cəmləşdirir. ÜAK bütün Rusiya azərbaycanlılarını birləşdirən bir təşkilatdır. Lakin bir sıra qüvvələr Rusiya azərbaycanlılarının bir diaspor təşkilatı ətrafında birləşdirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin zəifləməsinə, Rusiya və Azərbaycan dövlətləri arasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin pozulmasına çalışırlar.
Son günlər Rusiyada bəzi şəxslər üzvü olduqları təşkilatların adından tam əsassız bəyanatlar səsləndirirlər. Zənnimcə, bu cür hərəkətlər Azərbaycanda və Rusiyada yaşayan vətəndaşlarımız arasında nifaq salınmasına, diasporumuzun parçalanmasına yönəldilmişdir. Təəssüflə qeyd etməliyəm ki, bu cür ayrı-ayrı şəxslər mövcud olmayan problemləri qabartmaqla öz istəklərini həqiqət kimi qələmə verməyə çalışırlar.
Ümumrusiya Azərbaycan Konqresi bəyan edir ki, ÜAK Rusiyada yaşayan azərbaycanlılar arasında nifaq salınmasına yol verməyəcəkdir. Rusiya azərbaycanlıları Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ətrafında sıx birləşmişlər. Son illər Rusiyada keçirilən parlament və prezident seçkilərində həmvətənlərimiz Rusiya xalqının iradəsini dəstəkləmiş, səsvermədə fəal iştirak etmiş, demokratik dəyərlərə, Rusiyanın hazırkı Prezidenti V.Putinə səs vermişlər.
Bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində bütün Azərbaycan xalqı kimi, Rusiya azərbaycanlıları da seçkiqabağı kampaniyada fəallıq göstərəcək, Azərbaycanın demokratik inkişaf yolunu dəstəkləyəcək, haqqa, ədalətə, ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir demokratik Azərbaycanın gələcəyinə səs verəcəklər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva