SİYASƏT
ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN RƏHBƏRLİYİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNİ BAKIDA QEYD EDİR
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bir qrup üzvü Bakıya gəlmişdir.
Mayın 9-da konqresin prezidenti Məmməd Əliyev, vitse-prezidentlər Araz Ağalarov, İsgəndər Xəlilov və təşkilatın regional ofislərinin rəhbərləri Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
ÜAK fəalları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üstünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra ÜAK-ın fəallarının iştirakı ilə “Park İNN” mehmanxanasında ulu öndər Heydər Əliyevin diaspor quruculuğundakı roluna, bilavasitə ÜAK-ın yaradılmasında göstərdiyi səylərə və dəstəyə həsr olunmuş toplantı keçirilmişdir.
ÜAK prezidenti Məmməd Əliyev ulu öndər Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində çalışdığı dövrdə Azərbaycanın çiçəklənməsi istiqamətində gördüyü işlərdən danışmışdır. O demişdir ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə birləşdirən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Azəbaycançılıq ideyası bütün dünyada yaşayan soydaşlarımızı bir araya gətirmiş, diasporumuz bundan sonra, sözün əsl mənasında, təşkilatlanmağa başlamışdır. Azərbaycan həqiqətləri dünya ölkələrində yayılmağa, ölkəmizin tarixi, mədəniyyəti, təbliğ olunmağa başlanmışdır. Soydaşlarımızın daha çox yaşadığı Rusiyada da bu iş uğurla həyata keçirilir. Məhz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Ümumrusiya Azərbaycan Konqresi ulu öndərin ideyalarının həyata keçirilməsində öz sözünü deyir. ÜAK ətrafında sıx birləşən azərbaycanlıar ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdirlər.
ÜAK-ın vitse-prezidenti Araz Ağalarov Azərbaycanda gedən quruculuq işlərini, dövlətimizin başçısının diaspor təşkilatlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir. A.Ağalarov azərbaycanlıların daha sıx birləşmələri, diaspor təşkilatları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün hazırlanan strategiyanın həyata keçirilməsinə ÜAK-ın daim dəstək verəcəyini bildirmişdir.
ÜAK-ın digər vitse–prezidenti İsgəndər Xəlilov ulu öndərin siyasi xəttinin Azərbaycan dövlətinin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, xarici ölkələrdə yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, təmsil etdiyi qurumun Heydər Əliyevin azərbaycançılıq ideyasının həyata keçirilməsi işində bundan sonra da fəal iştirak edəcəyini bildirmişdir.
ÜAK-ın Həştərxan vilayəti regional təşkilatının sədri Ədalət Hüseynov da azərbaycançılıq ideyasının təbliği istiqamətində görülən işlərdən danışmış, Həştərxanda yaşayan soydaşlarımızın əsas fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.
Sankt-Peterburq Smolnı Universitetinin rektoru Heydər İmanov Heydər Əliyevin istər sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində Azərbaycanda elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində yüzlərlə azərbaycanlının xarici ölkələrdə təhsil aldığını bildirmişdir. O demişdir ki, elmə qoyulan sərmayə xalqın gələcək inkişafının zəmanətidir. İlham Əliyevin də bu sahəyə xüsusi diqqət göstərməsi xalqımızın parlaq gələcəyinə zəmanət verir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün ÜAK rəhbərliyinin və nümayəndə heyətinin Bakıya gəlməsini ulu öndərə olan dərin hörmət və ehtiramın təzahürü kimi dəyərləndirmişdir. Komitə sədri demişdir ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev diaspor quruculuğuna xüsusi diqqət yetirir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
######