ELM VƏ TƏHSİL
UNEC Almaniyanın Siegen Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyələşdirdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili” layihəsi çərçivəsində Siegen Universitetində olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov Almaniyanın Siegen Universitetinin kafedra müdiri, layihə rəhbəri, professor Petra Mooqla görüşüb. Görüşdə layihənin əhəmiyyəti vurğulanıb, iki universitet arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində rolu yüksək qiymətləndirilib. Gələcəkdə beynəlxalq layihələrdə birgə iştirak etmək imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin UNEC ilə Siegen Universiteti arasında akademik infrastrukturun təkmilləşdirilməsi və inkişafı, müəllim və tələbə mübadiləsi, ikili diplomların təşkili, birgə elmi tədqiqatlar aparılması, həmçinin tələbəyönümlü sosial layihələrin reallaşdırılması, yay və qış məktəblərinin təşkili məsələləri müzakirə edilib. Eyni zamanda, prorektor Şaiq Əsgərov Azərbaycan-Almaniya dostluq münasibətlərindən söz açıb. Prorektor iki ölkə arasında qədim tarixi əlaqələr olduğunu vurğulayaq, bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Görüşdə professor Petra Mooqa “Qız qalası”nın neftlə çəkilmiş rəsmi hədiyyə edilib.
Səfər çərçivəsində Siegen Universitetində regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə təqdimat keçirilib. Təqdimatda UNEC-in ikili diplom, mübadilə proqramları, əcnəbi tələbələrin qəbulu, inklüziv təhsil mərkəzi, 24/7 kitabxana və UNEC Ekstern barədə ətraflı məlumat verilib.