ELM VƏ TƏHSİL
UNEC-də seminar: Logistika sisteminin iqtisadi-təşkilati problemlərinə metodik yanaşmalar
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində Ticarət və gömrük işinin təşkili kafedrası tərəfindən “Logistika sisteminin iqtisadi-təşkilati problemlərinə metodik yanaşmalar və onların xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, seminarda Biznes və menecment fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların professor-müəllim heyəti iştirak edib. Kafedra müdiri Əməkdar elm xadimi, professor Arif Şəkərəliyev mövzu ilə bağlı çıxış edib. Məruzədə müasir dövrdə milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü istehsal sahələrinin inkişaf etdirilməsinin vacibliyindən danışılıb. Hazırda qarşıya qoyulan əsas vəzifələr sırasında ölkə iqtisadiyyatının inkişafının modelləşdirilməsi, sahələrin istehsal potensialından səmərəli istifadənin təmin olunması və ölkə iqtisadiyyatı strukturunun şaxələndirilməsinin daha çox əhəmiyyət kəsb etdiyi bildirilib.
Məruzənin sonunda Arif Şəkərəliyev beynəlxalq ticarət və logistika ixtisası üzrə kadr hazırlığı və onun gələcək inkişafı məsələlərini seminar iştirakçılarının diqqətinə çatdırıb.