MƏDƏNİYYƏT
“ÜNS Yaradıcılıq Səhnəsi”ndə “12 qəzəblənmiş kişi” tamaşası nümayiş olunmuşdur
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da “ÜNS Yaradıcılıq Səhnəsi”ndə Şota Rustaveli adına Gürcüstan Akademik Dram Teatrının truppası Redjinald Rouzun eyniadlı məşhur pyesi əsasında hazırlanmış “12 qəzəblənmiş kişi” tamaşasını nümayiş etdirmişdir.
AZƏRTAC xəbər verir ki, tamaşanın rejissoru Robert Sturua, rəssamı Temur Ninua, musiqi tərtibatçısı isə İya Sakandelidzedir.
Tamaşanın təqdimatından əvvəl AZƏRTAC-a müsahibə verən Şota Rustaveli adına Gürcüstan Akademik Dram Teatrının icraçı direktoru Zaal Çikobava demişdir ki, artıq ikinci dəfədir “ÜNS Yaradıcılıq Səhnəsi”ndə çıxış edirik. İlk gəlişimizdə çox böyük səmimiyyətlə qarşılaşmışdıq. Ona görə də bu səfərə ciddi hazırlaşmışıq. İnanırıq ki, bu gün təqdim edəcəyimiz tamaşa da sənətsevərlərin ürəyincə olacaqdır.
Qonaq vurğulamışdır ki, təmsil etdiyi teatr cari ildə bir çox qastrol səfərlərində olacaqdır. Hazırda bu sənət məbədində üç yeni tamaşanın məşqləri gedir.
Zaal Çikobava demişdir: “Ola bilsin ki, bu il ərzində yenidən Bakıya gəldik. Burada olmaq bizim üçün böyük şərəfdir. Şota Rustaveli adına Gürcüstan Akademik Dram Teatrı ilə Azərbaycan teatrları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Burada olarkən öyrəndim ki, hazırda Azərbaycan paytaxtında gürcü mədəniyyətini təmsil edən digər yaradıcı qrup da çıxış edir. Bu məni olduqca sevindirdi. Belə sıx mədəni əlaqələrin qurulması xalqlarımız arasında mövcud olan tarixi dostluq münasibətlərindən qaynaqlanır. Bu əlaqələri qorumaq və inkişaf etdirmək olduqca vacibdir”.
Tamaşada 12 andlı iclasçı məsləhətləşir, görəsən canilər yuvasında böyümüş puertorikal yeniyetməsi doğma atasının qətlində günahkardırmı? İlk baxışdan adama elə gəlir ki, istintaq və dəlillər gəncin qətl işini sübut etmişdir. Amerika qanunvericiliyi tələb edir ki, bütün andlılar məhkəməsi hökmə həmrəyliklə səs versin. Onların hamısı prokurorla razılaşır, 8-ci yox. Onu digər andlı iclasçıların öz işlərinin dalınca tələsmələri, əsəbiləşmələri, hətta təhqirə keçmələri narahat eləmir.
Olduqca maraqlı süjet xətti olan tamaşa kəskin mübahisələr, ittihamlar üzərində qurulsa da, sonda yenə də həqiqətin qələbəsi ilə yekunlaşır.