Unudulmaz yanvar
Bakı, 19 yanvar, AZƏRTAC
“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının idarə heyətinin açıq matəm iclası hər kəsin ürəyində sağalmaz yara qoyan 1990-cı ilin yanvarında Bakıda baş vermiş faciəli hadisələrə həsr olunmuşdu. “Qələm və fırça ilə” bədii studiyada vaxtilə Azərbaycanda yaşamış, həmçinin İsrailin digər icmalarının nümayəndələri toplaşıblar.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman müasir Azərbaycan tarixinin bu ağır hadisələri barədə məlumat verərək, sovet ordusunun respublika sakinlərinə qarşı törətdiyi hərbi cinayətin qurbanı olmuş günahsız insanlardan danışıb. Azərbaycanlılar, ruslar, tatarlar, ləzgilər, yəhudilər ya Aleksandr Marxevka və Yan Meyeroviç kimi digərlərinin həyatını xilas edən zaman və yaxud Vera Bisantina kimi evlərində öldürülmüşdülər. Yanvar hadisələrinin ən dəhşətlisi o idi ki, bu, sovetlərin məhz öz ölkəsinin vətəndaşlarına qarşı qəddar müharibəsi idi. 1990-cı ilin qaçılmaz yanvar hadisələri ilə Azərbaycanın öz müstəqilliyini qazanması aşkar bəlli idi.
İsrailin Jurnalistlər İttifaqı, Yazıçılar İttifaqı və Rəssamlar İttifaqının üzvü Frida Yusifova “Qara Yanvar” haqqında xatirələri və ağır təəssüratlarını paylaşıb, həmin məşum gündə ölümün ona və doğmalarına necə yaxın olduğundan göz yaşları ilə bəhs edib.
Tanınmış radiojurnalist, “Azİz” İdarə Heyətinin üzvü Viktoriya Dolinskaya da güllə yağdırılan zaman möcüzə nəticəsində sağ qaldığını söyləyib, əlavə edib ki, bu günü özünün ikinci doğum günü hesab edir.
“Azİz” Qüds şöbəsinin rəhbəri Aleksandr Aqranovski xəsarət alan və həlak olmuş dostları ilə bağlı acı təəssüratlarını və xatirələrini paylaşıb, bakılı şairlər Leyla Bəyim və Mixail Salmanın Yanvar faciəsinə həsr olunmuş şeirlərini oxuyublar.
Assosiasiyanın ən gənc üzvü, vəkil Neta Katsman dramatik hadisələrdən bəhs edib, möcüzə sayəsində həmin günlər hələ doğulmamış körpəsini xilas etmiş anası haqqında xatirələrini paylaşıb. O, Məmməd Aslanın 1990-cı il yanvar hadisələrinə həsr etdiyi çox emosional şeirini Azərbaycan dilində oxuyub.
İştirakçılar qarşısında çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak “Qara Yanvar” qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad etməyi xahiş edib.
Ənənəyə görə, salona toplaşanlar 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Sonra “Azİz”in Netaniya şəhər şöbəsinin sədri Tomer Əliyev mərhumların ruhuna dua oxuyub.
Sonda “Azİz” assosiasiyası direktorlar şurasının üzvü Şaul Siman-Tov bütün iştirakçılara assosiasiyanın xüsusi iclasında iştirak etdiklərinə görə təşəkkürünü bildirib.