DÜNYA
Uqandada aclıq altı ay ərzində 1660-dan insanın həyatına son qoyub
Madrid, 21 iyul, AZƏRTAC
Uqandanın şimal-şərqində yerləşən Kotido dairəsində son altı ay ərzində 1660-dan çox adam acından ölüb.
AZƏRTAC xəbər verir ki, bunu dairə prezidenti Lote Pol Komol vurğulayıb. O deyib: “Bütün Karamoca bölgəsi (Kotido dairəsi də bu bölgəyə daxildir) aclıq içindədir. Vəziyyət dəhşətlidir. Biz fövqəladə şəraitdəyik”.
Onun sözlərinə görə, Uqandanın ən quraqlıq regionu olan Karamoca sakinləri son iki ildə yağış yağmaması səbəbindən məhsul yetişdirə bilmirlər. Bundan əlavə, regionda təhlükəsizlik yox dərəcəsindədir. 2018-ci ildə heyvan oğruları tərəfindən hücumların sayının artması nəticəsində çobanların çoxu Karamocada ailələr üçün əsas dolanışıq mənbəyi olan sürülərini itiriblər.
İnsanların çoxu son dərəcə ağır vəziyyətə düşüb, son aylarda əsas qida məhsulları durmadan bahalaşır. COVID-19 pandemiyasının nəticələri və Ukraynada hərbi əməliyyatlar da buna şərait yaradır.
Pol Komol Uqanda hökumətinə və beynəlxalq birliyə müraciət edərək Karamoca xalqını dəstəkləməyə və bu regiona zəruri yardım göstərməyə çağırıb.
Uqanda hökuməti tərəfindən 2016-2017-ci illər üçün hazırlanmış hesabata görə, Karamoca Uqandanın ən yoxsul regionudur. Burada əhalinin 61 faizi gündə 1,25 ABŞ dollarından aşağı məbləğ hesabına salamat qalmağa çalışır.
BMT-nin məlumatına görə, Şərqi Afrikanın bəzi ölkələri son 40 ildə ən güclü quraqlıqdan əziyyət çəkir, təqribən 18,4 milyon nəfər aclıqla üzləşib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid