MƏDƏNİYYƏT
Uşaq incəsənət məktəbi və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başlayıb
Bakı, 5 sentyabr, Emil Məlikov, AZƏRTAC
Sentyabrın 5-də Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinin imtahanlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, imtahanlar incəsənətin bir çox istiqamətləri üzrə keçirilir.
Ümumi imtahanların təşkili barədə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Hökümə Əliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.
"Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. İmtahanlarda ixtisasla birlikdə, eyni zamanda, metodika, texnologiya, bədii məfhum, əsərlərin formaları, notla peşəkar ifa etmək qabiliyyəti və s. bu kimi imtahan prosedurları ümumi vəhdət şəklində uzlaşaraq nəticə çıxarılır. Test imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər. İmtahanları yetərincə uğurla keçən müəllimlərimiz var. Məqsəd ondan ibarətdir ki, gələcək milli kadrlarımız peşəkar səviyyəli, yüksək intellekt və dünyagörüşünə malik olsunlar, həmçinin beynəlxalq musiqi standartları səviyyəsində mütəxəssislər yetişsin. Dövlətimiz bu məsələlərə çox ciddi yanaşır. Keçirilən bu imtahanlar gələcəkdə peşəkar pedaqoqların aşkar olunmasına bir zəmin yaradır", - deyə H.Əliyeva qeyd edib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, İncəsənət Gimnaziyasının müəllimi Nəriman Məmmədov imtahanların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "İlk mərhələ olan test imtahanlarından sonra bu gün Mədəniyyət Nazirliyinin işə qəbuletmə üzrə müsahibənin ikinci mərhələsi olan qabiliyyət imtahanları keçirilir. Burada incəsənətin bir çox istiqamətlərində imtahanlar təşkil olunub. Musiqi sənəti ilə yanaşı, təsviri sənət, heykəltaraşlıq üzrə də imtahan prosesləri aparılır. İmtahanlardan yüksək nəticələr qazanan yetərincə uğurlu, istedadlı kadrlarımız var, biz onlara gələcək uğurlar arzulayırıq".
Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsinə sentyabrın 11-də yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.