MƏDƏNİYYƏT
Uşaq musiqi məktəbləri rəhbərlərinin iştirakı ilə Bilik gününə həsr olunan tədbir keçirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin - Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə Bilik gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər qoyublar.
Tədbirdə idarənin rəis müavini Vüqar Qədirov çıxış edərək musiqi kollektivlərini, eyni zamanda, bütün təhsil müəssisələrində çalışan və təhsil alan tələbələri, şagirdləri Bilik günü münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyev həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyətin inkişafına da böyük diqqət yetirirdi. Dahi liderimiz mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirib, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirib. Hazırda bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan mədəniyyətinin təbliği, inkişafı istiqamətində ölkə başçısının təşəbbüsü ilə çoxsaylı işlər, layihələr həyata keçirilib.
Natiq gənc nəslin təlim-tərbiyəsində, milli ruhda böyüməsində məktəb direktorları və müəllimlərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.
Tədbirdə Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva, Cabbar Qaryağdıoğlu adına Ağdam rayon 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyeva, 1 nömrəli Laçın şəhər Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova və digər natiqlər çıxış edərək mədəniyyət sahəsində verilən qərar və tapşırıqlarının icra olunmasında, dahi, korifey sənətkarların davamçılarının yetişdirilməsi istiqamətində səylə, əzmlə çalışacaqlarını bildiriblər.