ELM VƏ TƏHSİL
“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” mövzusunda respublika müsabiqəsinə yekun vurulub
Bakı, 28 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” mövzusunda keçirdiyi respublika müsabiqəsinə yekun vurulub.
Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib və ən yaxşı işlərdən ibarət sərgi təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat məktəbləri, yaradıcılıq mərkəzləri, ilk-peşə ixtisas təhsili müəssisələrinin nümayəndələri və müsabiqə qalibləri iştirak ediblər.
Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaq və gəncləri aşkara çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etmək, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqəyə bu il ilk dəfə respublikada fəaliyyət göstərən internat məktəbləri və ilk-peşə ixtisas təhsili müəssisələrinin şagirdləri də qatılıblar.
Müsabiqə dekorativ tətbiqi sənət, dizayn, floristika nominasiyaları olmaqla 20 növ üzrə keçirilib. Yarışma rayon (şəhər) və respublika mərhələləri üzrə iki mərhələdə təşkil olunub.
Birinci mərhələyə dörd mindən çox iştirakçı qatılıb, respublika mərhələsinə isə minədək əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən 81 qalib və 24 fəal iştirakçı müəyyənləşdirilib. Respublika mərhələsində I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Qaliblərin və seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanır.