CƏMİYYƏT
Uşaq və yeniyetmələrin növbəti yay düşərgəsi başlayır
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycanda uşaq və yeniyetmələrin növbəti yay düşərgəsi başlayır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-dan 23-dək təşkil olunacaq sonuncu yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin iştirakı təmin ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaqların və yeniyetmələrin sağlamlığının qorunması üçün mütəmadi olaraq yay düşərgələri təşkil edir. Yay düşərgələri sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə təşkil edilir.
Nazirlik cari ilin iyun-avqust aylarında Bakının Şüvəlan qəsəbəsindəki Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində hər biri iki həftə davam edən növbələr üzrə düşərgələr keçirir. Düşərgələrdə ümumilikdə sosial müdafiəyə ehtiyacı olan 420 uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.
Bu il iyunun 10-dan 24-dək Astara, Yardımlı, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı və iyulun 1-dən 15-dək Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Füzuli və Tərtər rayonlarından olan 7-15 yaşlı uşaqlar və yeniyetmələr həmin yay düşərgələrində iştirak etmişdilər.
İyulun 20-dən avqustun 3-dək təşkil olumuş üçüncü yay düşərgəsində Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan 10-16 yaşlı uşaqlar və yeniyetmələr iştirak ediblər. Düşərgə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramların həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması sahələrində fəaliyyətlərin təşkili nəzərdə tutulub.