MƏDƏNİYYƏT
Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “İstedadlı uşaqlar festivalı-2014” keçirilmişdir
Bakı, 30 may (AZƏRTAC). Mayın 30-da Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “İstedadlı uşaqlar festivalı-2014” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışmış, bu istiqamətdə mükəmməl qanunvericilik bazasının yaradıldığını və müvafiq beynəlxalq sənədlərin qəbul olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq mili strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
Diqqətə çatdırılmışdır ki, hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları, sağlam ailə mühitində yaşamaları üçün mühüm sosial layihələr həyata keçirilir.
Heydər Əliyev Fondunun bu sahədə fəaliyyətini qeyd edən AQUPDK-nın sədri demişdir ki, Fond uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eyni zamanda, aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara diqqət və qayğı daim diqqət mərkəzindədir.
H.Hüseynova ölkəmizdə uşaq hüquqları sahəsində uğurları qeyd etməklə yanaşı, mövcud olan bir sıra problemləri diqqətə çatdırmışdır.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord demişdir ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. 1950-ci ildə BMT-nin Baş Məclisi tərəfindən 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınmışdır.
Azərbaycanda ənənə halını almış bu bayramın yüksək səviyyədə təşkil olunduğunu deyən M.Hervord festivalda iştirak edən istedadlı uşaqların yaradıcılıq uğurlarını yüksək qiymətləndirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə rəsm əsərləri nümayiş etdirilmiş, həmçinin 2013-2014-cü illərdə uğur qazanmış uşaqların fəaliyyətini əks etdirən “İstedadlı uşaqlar-2014” mövzusunda qısa filmin təqdimatı olmuşdur.
Sonra elm-təhsil, yaradıcılıq və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunmuşlar.
Festival uşaq yaradıcılıq qruplarının iştirakı ilə konsert proqramı ilə davam etmişdir.