Azərbaycan Dövlət İnformasiya Agentliyi

VAQİF MUSTAFAZADƏNİN 70 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2010-cu ilin mart ayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 70 illiyi tamam olur.

Vaqif Mustafazadə yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisinin uğurlu sintezində dəyərli əsərlər meydana gətirmişdir. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olmuşdur.

Azərbaycan incəsənətinin daha da zənginləşdirilməsi və geniş miqyasda tanıdılması naminə töhfələr vermiş Vaqif Mustafazadənin 70 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin