İQTİSADİYYAT
Vaşinqtonda “Azərbaycanın iqtisadi modernləşdirilməsi və böhrandansonrakı vəziyyəti” mövzusunda tədbir keçiriləcəkdir
Bakı, 8 mart (AZƏRTAC). Gələn həftə Vaşinqtonda “Azərbaycanın iqtisadi modernləşdirilməsi və böhrandansonrakı vəziyyəti” mövzusunda tədbir keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin iştirak edəcəyi tədbir Vaşinqtonun nüfuzlu Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzində olacaqdır.
Müzakirələrdə Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın təbii sərvətlərinin indiki və gələcək nəsillər üçün qorunub saxlanılması barədə öz fikirlərini bölüşəcəkdir. Tədbirdə Vaşinqtonun Azərbaycan üzrə rəsmilərinin və analitiklərin, həmçinin tələbələrin də çıxışları gözlənilir.
Bundan başqa, Dünya Bankı qrupunun Vaşinqtonda yerləşən mənzil-qərargahında Azərbaycan günləri keçiriləcəkdir. Martın 16-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Dünya Bankının və quruma daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərliyi ilə görüşəcəkdir. Eyni zamanda, Azərbaycan haqqında təqdimatlar keçiriləcək, ölkəmizin mədəniyyəti, o cümlədən xalça ekspozisiyası, musiqisi, milli mətbəxi nümayiş olunacaqdır.