SİYASƏT
Vaşinqtonda səlahiyyətləri başa çatan Azərbaycan səfirinin şərəfinə ziyafət verilmişdir
Vaşinqton, 5 noyabr (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin səlahiyyətlərinin başa çatması münasibətilə Dövlət Departamenti azərbaycanlı diplomatın şərəfinə Ağ Evin tarixi rəsmi qonaq evi “Blair House”da ziyafət təşkil etmişdir.
Ziyafətdə ABŞ Dövlət Departamenti, Ağ Ev, Pentaqon və digər hökumət hökumət rəsmiləri, Vaşinqton meriyasının, eləcə də ABŞ paytaxtında fəaliyyət göstərən beynəlxalq təşkilatların, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri və ölkəmizin Amerikadakı səfirliyinin əməkdaşları iştirak etmişlər. Dövlət Departamenti protokol xidmətinin başçısı xanım Kaprişia Marşall ziyafətdə dövlət katibi Hillari Klintonun məktubunu oxumuşdur. Məktubda Azərbaycan səfiri Yaşar Əliyevə Amerika xalqı və Obama hakimiyyəti adından ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində xidmətinə görə minnətdarlıq ifadə edilmiş, Vaşinqtonda diplomatik səlahiyyətləri başa çatan səfirə uğurlar arzu edilmişdir. Yaşar Əliyev çıxışında Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir. Diplomat ABŞ Dövlət Departamentinin başçısı və əməkdaşlarına xoş arzularını və ziyafətə görə minnətdarlığını bildirmiş, protokol xidmətinin başçısına xatirə hədiyyəsi bağışlamışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton