İDMAN
Velosiped idmanının kriterium yarışı üzrə Azərbaycan birinciliyi başa çatıb
Bakı, 24 iyul (AZƏRTAC). Veloparkda velosiped idmanının kriterium ötüşməsi üzrə Azərbaycan birinciliyi keçirilib.
U-15 və U-17 kateqoriyası üzrə təşkil olunan yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-yə yaxın idmançısı iştirak edib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 15 yaşadək idmançılar hər biri 1000 metrdən ibarət 6 dövrə qət ediblər. Bu kateqoriyada qalib adını 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi Ravil Xıdırov qazanıb. Onun komanda yoldaşı Xankişi İsgəndərov ikinci yeri tutub. İlk üçlüyü isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin nümayəndəsi Maqsud Həsənov tamamlayıb.
Turnirdə 17 yaşadək velosipedçilər 1200 metrlik marşrut üzrə 16 dövrə vurublar. Gənc idmançılardan fəxri kürsüyə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri qalxıb. Maksim Naperstkov, Nicat Oruczadə və Mikayıl Səfərli digər rəqiblərindən daha yaxşı çıxış edərək ilk üçlükdə qərarlaşıblar.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif edilib.