İQTİSADİYYAT
Vergi dərəcəsi və əmsallar əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişir
Bakı, 31 mart, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən olunan vergi dərəcəsi tətbiq edilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi dərəcəsi və əmsallar əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə Beyləqan rayonu üzrə 0,2 manat vergi dərəcəsi tətbiq olunur.
Qeyd olunub ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Hesablanmış əmlak vergisi barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergiödəyicilərinə verilməlidir.