İQTİSADİYYAT
“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilmişdir
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 16 ali məktəbin 230-dək tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda 7-ci olimpiada keçirilmişdir. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyinə həsr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə AZDİU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov hər il ənənəvi olaraq Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirmişdir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların ölkəmizi regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə çatdırdığını demişdir. Qeyd olunmuşdur ki,
bu gün vergi xidməti əməkdaşları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasına sadiq qalaraq suverenliyimizin möhkəmlənməsi və ölkəmizin hərtərəfli tərəqqisi yolunda bütün zəruri tədbirləri görürlər.
Artıq yeddinci ildir ki, ali məktəb tələbələri və magistrantları böyük həvəslə bu olimpiadada iştirak edir. Həmin tələbələrin bir çoxu sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərərək müvafiq vəzifələrdə çalışmaqdadırlar.
Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilmişdir.
Yer tutan tələbələr xüsusi mükafatlarla təltif olunmuşlar.