İQTİSADİYYAT
Vergilər Nazirliyi tərəfindən 5 yeni elektron xidmətin göstərilməsinə başlanılmışdır
Bakı, 21 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasını təmin etmək məqsədi ilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestri”ndə elektron variantda dərc edilmişdir.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır.
Beləliklə, nazirlik tərəfindən vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması, hüquqi və fiziki şəxslərin, hüquqi şəxsin filialının və nümayəndəliyinin, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi üzrə elektron xidmətlər göstərilməsinə başlanılmışdır.
Təqdim olunan xidmətlər vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, vergi uçotuna alınmış hüquqi şəxslərin filiallarının və bölmələrinin, eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyektlərinin (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.
Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az/, http://www.e-gov.az ünvanlarında təqdim olunur. Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg və [email protected] elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və “195 Çağrı Mərkəzindən əldə etmək olar.