İDMAN
Vergilər Nazirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi şərəfinə “Heydər zirvəsi”ni fəth etmişlər
Bakı, 13 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi şərəfinə Vergilər Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”ni (3751 metr) fəth etmişlər. Bu tədbir Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabana getmiş, orada xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə əklil qoymuşlar.
Alpinistlərin zirvəni fəth etməyə hazırlaşmaları üçün Böyük Qafqaz sıra dağlarının yamaclarında yerləşən Qızıl Qaya adlanan ərazidə düşərgə salınmışdır. İştirakçılar mərhələ-mərhələ qalxaraq “Heydər Zirvəsi”nə çatmış, zirvədə Ulu Öndərin barelyefi önünə tər çiçəklər qoymuş, Azərbaycanın dövlət bayrağını ucaltmışlar.
Bu yürüş Azərbaycan dövlətinin gənclərə və idmana qayğısını, həmçinin Ümummilli Liderin xatirəsinə hörmət və məhəbbətin təsdiqi olmuşdur.
Yürüşün bütün iştirakçılarına federasiyanın sertifikatları təqdim edilmişdir.