CƏMİYYƏT
Vətəndaşın tanışı tərəfindən fiziki zorakılığa məruz qalması faktı ilə bağlı cinayət işi başlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Vətəndaş Raziyyat Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumat polis tərəfindən araşdırılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib. Sonra ona zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən bu gün həbs olunub.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.